Əmək haqqı nağd qaydada ödənilə bilərmi?
2024-cü ilin başlanğıcından bəri 75% güzəşt əldə etmiş mikro sahibkarlıq subyektlərinin qarşılaşdığı böyük bir problem olan güzəştin ləğv olunması ilə birbaşa əlaqəli bir mövzuya toxunmaq istəyirəm.
Öncəliklə kiçik bir məqam: 5% vergi deyə bir şey yoxdur. 20% vergi dərəcəsi mənfəət və gəlir vergisi ödəyicilərinə aiddir. Güzəşt isə 75%dir. İstənilən ədədin 20%inin 75%i elə həmin ədədin 5%inə bərabərdir. Bu səbəbdən 5% deyilir. Keçək əsas məsələyə
2024-cü ildən etibarən mikro sahibkarlıq subyektinin bu güzəşti əldə etməsi üçün 3 nəfərin işə cəlb olunması şərti qoyulmuşdur. Bəs bu 3 nəfərə əmək haqqı nağd qaydada verilə bilərmi?
Vergi Məcəlləsinin 58.7-1 maddəsinə görə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Digər tərəfdən, həmin qanunda 3.4.4 maddədə göstərilir ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqqı nağdsız qaydada aparılmalıdır.
Bu da o deməkdir ki, Mikro sahibkarlıq meyarına cavab verən, ƏDV ödəyicisi olmayan və ya Sadələşdirilmiş vergi ödəyiciləri əmək haqqını nağd qaydada verə bilər.
Misal 1: Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi 3 nəfər işçisinə məcburi sosial ödənişlər çıxıldıqdan sonra 400 manat əmək haqqı verir. Bu zaman hesablanmış 1200 manat əmək haqqının nağd qaydada verilməsinə görə heç bir maliyyə sanksiyası tətbiq edilmir.
Misal 2: ƏDV ödəyicisi olan fərdi sahibkar işçilərə net olaraq 48 000 manat əmək haqqı ödəyir. Bu zaman il ərzində bir dəfə bunu edibsə 10%, iki dəfə 20%, üç və daha artığı üçün 40% sanksiya tətbiq edilir.
48 000 * 10 % = 4 800 manat sanksiya
Əlavə qeyd: İşçidən və işəgötürəndən tutulan Məcburi sosial sığorta ödənişləri ancaq nağdsız qaydada müvafiq fondların hesabına köçürülməlidir.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!